BANK

30 Aprel

Azərbaycanda bankların ipoteka kredit portfeli 15,4% artıb

Cari ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kredit portfeli 4,338 milyard manat təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 579 milyon manat və ya 15,4% artıb.

Qeyd edək ki, 2023-cü ilin mart ayının sonuna bankların ipoteka kredit portfeli 3,759 milyard manat olub.

2024-cü ilin fevral ayının sonunda isə ipoteka kredit portfeli 4,271 milyard manat təşkil edirdi. Bu da o deməkdir ki, yalnız mart ayı ərzində banklar tərəfindən 67 milyon manat məbləğində ipoteka krediti verilib.

Ümumilikdə hesabat dövrünün sonuna bankların ümumi kredit portfeli 27,877 milyard manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,775 milyard manat və ya 15,7% artım deməkdir. 2023-cü ilin müvafiq dövründə bu rəqəm 24,102 milyard manat idi.

Bankların ümumi kredit portfelinin 14,935 milyard manatını biznes kreditləri, 8,603 milyard manatını istehlak kreditləri, 4,338 milyard manatını isə ipoteka kreditləri təşkil edib.

Fuad Mədətov
Finss.az