2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən bankların kreditlər üzrə gəlirləri 897,8 milyon manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 168,7 milyon manat və ya 23,1% çoxdur.
Yalnız mart ayında banklar verdikləri kreditlərdən 304,4 milyon manat gəlir əldə ediblər.
Hesabat dövründə ümumilikdə 22 bank üzrə faiz gəlirləri 1 milyard 134,9 milyon manata, qeyri-faiz gəlirləri isə 420,8 milyon manata bərabər olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari ilin 1 aprel tarixinə bankların ümumi kredit portfeli 27 milyard 877,1 milyon manat təşkil edib. Bu portfelin 14 milyard 935 milyon manatı biznes, 8 milyard 603,6 milyon manatı istehlak, 4 milyard 338,5 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.
Fuad Mədətov
Finss.az