BANK

30 Aprel

Ödəniş kartlarının sayı 20 milyonu keçdi – Nağdsız ödənişlər sürətlə artır

2025-ci ilin mart ayının sonunda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 20 milyon 460 minə çatıb. Bu göstərici fevral ayı ilə müqayisədə 221 min ədəd çoxdur.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, son bir ildə ödəniş kartlarının ümumi sayı 17,4% artıb. Artım əsasən debet kartlarının (20,1%) hesabına baş verib. Kredit kartlarının sayında isə cüzi – cəmi 0,01% artım qeydə alınıb.

Kart istifadəçilərinin artması nağdsız ödənişlərin həcminə də öz təsirini göstərib. Mart ayında ölkədaxili nağdsız əməliyyatların ümumi həcmi 6 milyard 562 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.

Nağdsız ödənişlərin strukturu belədir:

  • Elektron ticarət: 5 milyard 668 milyon manat
  • POS-terminallar: 890 milyon manat
  • Özünəxidmət terminalları: 2,5 milyon manat

Ümumilikdə, ilin əvvəlindən ödəniş kartları ilə aparılan əməliyyatların 67%-i nağdsız ödənişlər olub.

Fuad Mədətov
Finss.az