2025-ci ilin ilk rübündə Azərbaycanda bank sektorunun aktivləri artıb.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar-mart aylarında bankların cəmi aktivləri 54 milyard 855,6 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 2,4 faiz və ya 1,3 milyard manat çoxdur.
Həmin dövrdə sektorun cəmi öhdəlikləri də artaraq 47 milyard 960,7 milyon manata çatıb. Artım 2,6 faiz və ya 1,2 milyard manat olub. Balans kapitalı isə 6 milyard 894,9 milyon manat təşkil edib ki, bu da 1,2 faiz və ya 81,7 milyon manatlıq artım deməkdir.
İlk rübdə bankların kredit portfeli 1 faiz və ya 284,8 milyon manat artaraq 27 milyard 877,1 milyon manata yüksəlib. Portfelin 53,6 faizi biznes kreditlərinin, 30,9 faizi istehlak kreditlərinin, 15,5 faizi isə ipoteka kreditlərinin payına düşüb.
Bankların öhdəliklərinin böyük hissəsini depozitlər təşkil edib. Depozit portfelinin həcmi 37 milyard 293,1 milyon manat olub ki, bu da cəmi öhdəliklərin 77,8 faizinə bərabərdir. Depozitlərin 60,5 faizi hüquqi şəxslərə, 39,5 faizi isə fiziki şəxslərə məxsusdur.
Fiziki şəxslərin əmanətlərinin 66,4 faizi milli valyutada, 33,6 faizi isə xarici valyutada yerləşdirilib. Bu vəsaitlərin 61,1 faizi müddətli əmanətlərdən ibarətdir. Mart ayında fiziki şəxslərin müddətli əmanətləri 2,3 faiz və ya 204,7 milyon manat artıb.
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 799,2 milyon manat təşkil edib və onların ümumi depozit portfelində 74,5 faiz paya sahib olub.
Fuad Mədətov
Finss.az