BANK

23 Aprel

AMB sədri: “Yüksək faizli istiqrazlar əsasən "subordinasiya" məqsədilə buraxılır”

Finss.az - Bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, ona ünvanlanan “Banklar niyə yüksək faizlə gəlir təklif edən istiqrazlar buraxır?” sualına cavab verərkən, bunun əsasən subordinasiya istiqrazlarının buraxılması ilə əlaqəli olduğunu bildirib.

Kazımov, bankların bu cür istiqrazları kapital mövqelərini gücləndirmək məqsədilə buraxdığını vurğulayıb.

Kazımovun sözlərinə görə, "subordinasiya" istiqrazları adi istiqrazlardan fərqlənir və kapitalın hesablanmasında nəzərdə tutulur. Bu istiqrazlar səhmdarlardan öncə ödənir və uzunmüddətli olurlar, məsələn, 5 və ya 7 il müddətinə. "Bu istiqrazlar bankların kapital mövqeyini gücləndirmək üçün istifadə olunur. Eyni zamanda, bu istiqrazlar valyutada buraxılır, çünki banklar Mərkəzi Bankın sabit məzənnə rejiminə güvənirlər" - deyə Kazımov qeyd edib.

Mərkəzi Bankın sədri həmçinin bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) son üç ildə uçot faiz dərəcəsini artırdığı üçün, Azərbaycan bankları da daha yüksək faizlə istiqrazlar buraxmağı üstün tuturlar. Kazımov əlavə edib ki, "FED 2 ilə 4 faiz ödəyirsə, bizim banklarımız da 5-7 ilə 7-8 faiz ödəməlidir."

Kazımov, eyni zamanda, depozitlərdəki artımın milli valyutaya olan inamın artdığını göstərdiyini vurğulayıb və bunun ölkənin iqtisadi sabitliyini dəstəklədiyini qeyd edib.