Finss.az - Azərbaycanın xarici sektor göstəriciləri 2025-ci ilin ilk rübündə də ümumilikdə müsbət dinamikanı qoruyub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinə dair açıqladığı press-relizdə bildirilir.
Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, ilin ilk üç ayında xarici ticarət balansında müsbət saldo qeydə alınıb.
Belə ki, 2025-ci ilin I rübündə xarici ticarət balansının profisiti 722.92 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 2.273 milyard dollar olub.
Mərkəzi Bankın qiymətləndirməsinə əsasən, ilin yekununda tədiyə balansının cari hesabının da profisitli olması proqnozlaşdırılır. Bu isə xarici iqtisadi münasibətlərdə sabitliyin davam etdiyini göstərir.
Cari əməliyyatların əsas hissəsini xarici ticarət əməliyyatları təşkil etsə də, müsbət saldonun azalması ixrac və idxal nisbətlərində dəyişikliklərin baş verdiyini göstərir. Buna baxmayaraq, AMB hesab edir ki, ölkənin makroiqtisadi sabitliyi və xarici mövqeyi hələ də möhkəmdir.