BANK

17 Aprel

Azərbaycanın Avstraliyaya investisiyaları 3,1 dəfə artıb

2024-cü ildə Azərbaycan tərəfindən Avstraliya iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 40,3 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ildəki 13,1 milyon dollarlıq göstərici ilə müqayisədə 27,2 milyon dollar və ya 3,1 dəfə çoxdur. Avstraliyaya yönəlmiş sərmayələr, ölkənin birbaşa xarici investisiyalarının ümumi həcmində 2,3% paya malik olub.

Qeyd edək ki, ümumilikdə 2024-cü ildə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 1,8 milyard dollar təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 1,4 milyard dollar və ya 43,3% azalma deməkdir.

Əvəzində, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə əvvəlki illə müqayisədə 388,1 milyon dollar və ya 5,83% artımı göstərir.

Fuad Mədətov
Finss.az