BANK

10 Aprel

Azərbaycandan Gürcüstana və əks istiqamətdə pul köçürmələri azalıb

2024-cü ildə Azərbaycandan Gürcüstana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 45 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Statistik göstəricilərə əsasən, bu rəqəm 2023-cü illə müqayisədə 13,8 milyon ABŞ dolları və ya 23,6% azalma deməkdir. Beləliklə, Gürcüstan Azərbaycanın ümumi pul köçürmələrində 8,5% payla önəmli tərəfdaş ölkələrdən biri olaraq qalmaqda davam edir.

Digər istiqamətdə, 2024-cü ildə Gürcüstandan Azərbaycana göndərilən pul köçürmələrinin həcmi 35,3 milyon ABŞ dolları olub. Bu da əvvəlki illə müqayisədə 2,2 milyon ABŞ dolları və ya 5,8% azalma ilə xarakterizə olunur. Gürcüstan ölkəyə daxil olan ümumi pul köçürmələrində 3,3%-lik paya sahib olub.

Xatırladaq ki, 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 58,8 milyon və 37,5 milyon ABŞ dolları təşkil edib.

2024-cü il ərzində Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən ümumi pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları olub. Bu göstərici 2023-cü illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin ümumi həcmi 1,08 milyard ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma deməkdir.

Fuad Mədətov
Finss.az