BANK

08 Aprel

Avstriyaya yönəldilən Azərbaycan investisiyaları 40 dəfəyə yaxın artıb

2024-cü ildə Avstriyanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 50,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2023-cü illə müqayisədə 23,9 milyon ABŞ dolları və ya 1,9 dəfə artım deməkdir. Avstriyadan gələn sərmayələr ümumi birbaşa xarici investisiyalar daxilində 0,7% paya sahib olub.

Digər tərəfdən, Azərbaycanın Avstriya iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar da kəskin artıb. 2024-cü ildə bu göstərici 49,3 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 48 milyon ABŞ dolları və ya 39,9 dəfə çoxdur. Beləliklə, Avstriyaya yönəldilən investisiyaların ümumi həcmdə xüsusi çəkisi 2,8% olub.

Xatırladaq ki, 2023-cü ildə Avstriyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 26,4 milyon ABŞ dolları, Azərbaycandan Avstriyaya isə cəmi 1,2 milyon ABŞ dolları olmuşdu.

Ümumilikdə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmi 7 milyard ABŞ dollarını keçib. Bu göstərici 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Bununla yanaşı, Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların həcmi 1,8 milyard ABŞ dolları olub. Bu isə ötən illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.

Fuad Mədətov
Finss.az