Bu ilin yanvar-fevral aylarında nağd xarici valyuta mübadilə əməliyyatları üzrə əsas göstəricilər məlum olub.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Hesabatda ABŞ dolları, avro, ingilis funt sterlinqi və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.
2025-ci ilin ilk iki ayında banklar 116,1 milyon ABŞ dolları alıb, 294,2 milyon ABŞ dolları isə satıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə dolların alışı 2,8% (3,4 milyon dollar) azalsa da, satışı 39,1% (82,7 milyon dollar) artıb.
Avro üzrə əməliyyatlarda da artım müşahidə olunub. Cari ilin yanvar-fevral aylarında banklar 9,8 milyon avro alıb, 17,1 milyon avro isə satıb. Ötən ilin eyni dövrü ilə müqayisədə avronun alışı 12% (1 milyon avro), satışı isə 53,5% (6 milyon avro) yüksəlib.
İngilis funt sterlinqi üzrə mübadilə əməliyyatlarına gəlincə, hesabat dövründə 622 min funt sterlinq alınıb, 2,7 milyon funt sterlinq isə satılıb. Ötən ilin eyni ayları ilə müqayisədə alış 1,2% (7 min funt sterlinq), satış isə 66,2% (1,1 milyon funt sterlinq) artıb.
Rus rubluna gəldikdə, cari ilin yanvar-fevral aylarında 213,7 milyon rubl alınıb, 176,4 milyon rubl satılıb. Alış ötən ilin eyni dövrü ilə müqayisədə 84,1% (1,1 milyard rubl) azalsa da, satış 2,6% (4,5 milyon rubl) artıb.
Fuad Mədətov
Finss.az