BANK

11 Mart

Ötən il ərzində ölkə üzrə bankomatların sayı 6,2 faiz artıb

Finss.az - Ötən il ərzində ölkə üzrə bankomatların sayı 6,2 faiz, o cümlədən regionlarda yerləşən bankomatların sayı 2,7 faiz artmışdır.

Azərbaycan Mərkəzi Bankının **“Rəqəmsal Ödənişlər İcmalı”**nın məlumatına görə, 2024-cü ilin əvvəlinə dövriyyədə olan POS-terminalların sayı 2023-cü illə müqayisədə 38,4 faiz artaraq 119,5 min ədədə çatmışdır. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə 41,4 faiz artaraq 117,3 min ədəd təşkil edib.

Nağdsız ödənişlərin artımı da diqqət çəkib: 2024-cü ildə əməkhaqqı kartları vasitəsilə həyata keçirilən ödənişlərin 47 faizi nağdsız formada icra olunub. Sosial kartlar vasitəsilə nağdsız ödənişlərin çəkisi isə son 3 ildə 8 faiz bəndi artaraq 16 faizə çatmışdır.

Kart əməliyyatlarının inkişafı ilə əlaqədar 2019-cu ildə bankomatlar vasitəsilə aparılan əməliyyatlar 52 faiz təşkil edərkən, 2024-cü ildə bu göstərici 10 faizə enib. Eyni zamanda, POS-terminal ödənişlərinin çəkisi isə 17 faizdən 34 faizə yüksəlib.

Elektron ticarət sahəsində də böyük artım müşahidə olunub. 2019-cu ildə kart əməliyyatlarının 31 faizi elektron ticarət üzərindən həyata keçirilirdi, 2024-cü ildə bu göstərici 56 faizə çatıb.

Ölkəxarici nağdsız ödənişlər arasında pərakəndə ticarət 54,2 faiz, nəqliyyat 15,6 faiz, səyahət və əyləncə 12,7 faiz, biznes xidmətləri 6,7 faiz, təhsil 2,8 faiz, bank və maliyyə xidmətləri isə 2,1 faiz təşkil edib. Ölkədaxili nağdsız ödənişlərin 77,5 faizi bank və maliyyə xidmətləri, 12,7 faizi isə pərakəndə ticarət ödənişlərinə aid olub.

Zemfira Ms
Finss.az