BANK

04 Dekabr

Rəqəmsal transformasiya və maliyyə bazarlarında islahatların prioritetləri açıqlanıb

Azərbaycanda rəqəmsal transformasiya sahəsində aparılan islahatların davamı çərçivəsində məsafədən bank hesablarının açılması prosedurunun yenidən nəzərdən keçirilməsi və günün tələblərinə uyğun təkmilləşdirilməsi zəruridir.

Fins.az xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda səsləndirib.

“Maliyyə inklüzivliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bank hesablarının açılması prosesində eyniləşdirmə tələblərinin tətbiqində pilləli yanaşmanı daha da genişləndirərək mövcud prosedurların sadələşdirilməsi vacibdir,” – deyə Z. Nuriyev qeyd edib.

Onun sözlərinə görə, maliyyə bazarlarında innovativ həllərin tətbiqini sürətləndirmək məqsədilə bu layihələrin təhlili, planlaşdırılması və realizasiyaya hazırlanması üçün innovasiya habının yaradılması prioritet olmalıdır: "Azərbaycan Mərkəzi Bankı tərəfindən innovasiya mərkəzinin yaradılması maliyyə bazarlarında real tətbiq ediləcək layihələrin reallaşdırılmasında mühüm əhəmiyyət daşıyacaq".

Bundan əlavə, Z. Nuriyev bildirib ki, ödəniş kartları bazarının inkişaf etdirilməsi və əlverişli tarif siyasətinin formalaşdırılması üçün həm yerli, həm də xarici ödəniş sistemi operatorlarının mövcud tarif siyasəti təhlil olunmalı, potensial sui-istifadə hallarının və bazara mənfi təsir göstərə biləcək effektlərin qarşısı alınmalıdır.

“Reallaşdırılacaq islahatlar çərçivəsində infrastrukturun dayanıqlılığının təmin edilməsi və mümkün risklərin vaxtında qarşısının alınması üçün növbəti strateji dövrdə ödəniş ekosistemində təmsil olunan, lakin fəaliyyəti lisenziyalaşdırılmayan kritik xidmət təchizatçılarının müəyyənləşdirilməsi və fəaliyyətlərinin tənzimlənməsi xüsusi diqqət tələb edir. Ekosistem iştirakçıları ilə birgə həyata keçiriləcək bu və digər kompleks tədbirlər maliyyə bazarlarının etibarlı və dayanıqlı fəaliyyətini təmin etməyə yönəlib,” – deyə Z. Nuriyev əlavə edib.

Fuad Mədətov
Fins.az