Azərbaycan və Türkiyə rəqəmsallaşma sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək potensialına malikdir.
Fins.az xəbər verir ki, bunu Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin (Bankacılık Düzenleme ve Denetleme Kurumu - BDDK) sədr müavini Mustafa Aydın Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
O qeyd edib ki, rəqəmsal bankçılıq və ödəniş sistemlərinin modernləşdirilməsi yalnız iqtisadi böyüməni dəstəkləmir, həm də vətəndaşların maliyyə xidmətlərinə daha asan çıxışını və iqtisadi müstəqilliklərini təmin edir: “Bu, maliyyə azadlığının ən vacib təməl daşlarından biridir. İki ölkənin bu sahədəki ortaq layihələri və əməkdaşlıqları həm regional rəqabət gücünü artıracaq, həm də beynəlxalq bazarda mühüm yer əldə etmələrinə imkan yaradacaq."
M.Aydın əlavə edib ki, rəqəmsal ödəniş sistemlərinin elektron ticarət sahələrinə keçməsi, ekosistemlərin təhlükəsizliyini təmin etmək üçün yeni ehtiyaclar yaradır: "Azərbaycanın sürətlə böyüyən rəqəmsal bankçılıq və finteks ekosistemi, Türkiyənin illərdir davam edən təcrübələri ilə birləşdikdə regional liderlik üçün güclü bir sinergiya yaradacaq. Bu tərəfdaşlıq yalnız bank sektoruna deyil, eyni zamanda istehlakçılara, yerli müəssisələrə və sahibkarlara da fayda verəcək. Ödəniş sistemlərinin böyüməsi və təhlükəsizliyinin təmin edilməsi, iqtisadi sabitliyi və investorların marağını artırmağa əhəmiyyətli dərəcədə töhfə verəcək."
Fuad Mədətov
Fins.az