BANK

03 Dekabr

Vüsal Xəlilov: Açıq bankçılıq maliyyə ekosistemini daha inklüziv edəcək

Azərbaycanda bir neçə bank "açıq bankçılığa" çıxmağa hazırdır, digər banklar isə yaxın vaxtlarda buna nail olacaqlar.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Xəlilov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Açıq bankçılıq" və "açıq maliyyə təşəbbüsü" inklüziv, şəffaf və effektiv maliyyə ekosisteminin yaradılmasını hədəfləyir. Bu yanaşma banklar, fintek şirkətləri və istehlakçılar üçün yeni imkanlar yaradır. Banklar üçün yeni gəlir mənbələri, optimallaşdırılmış xidmətlər və təkmilləşdirilmiş müştəri təcrübəsi, fintek şirkətləri üçün banklarla əməkdaşlıq, qabaqcıl maliyyə həllərinə giriş imkanı, istehlakçılar üçün isə daha çox seçim, şəffaflıq və təhlükəsiz maliyyə həllərinə çıxış imkanı təmin edir. Banklar bu imkanlardan ən çox yararlananlardır. Onların texniki imkanları və potensialları daha genişdir. Artıq bir neçə bank tam şəkildə prodakşn mühitinə çıxmağa hazırdır. Digər banklar isə yaxın zamanda buna nail olacaqlar," - deyə o qeyd edib.

Bundan başqa, AMB rəsmisi bildirib ki, yerli banklar "yaşıl iqtisadiyyat"a keçid üçün səylərini əsirgəməyəcəklər: "Banklar COP29 çərçivəsində 2030-cu ilə qədər 2 milyard manatlıq maliyyə öhdəliyi qəbul edib."
 

Fuad Mədətov
Fins.az