BANK

03 Dekabr

Vüsal Qasımlı: Banklar yaşıl maliyyələşdirmə ilə gələcəyə töhfə verə bilər

Azərbaycanda banklar ölkə iqtisadiyyatının əsas sütunlarından biridir və onlar dayanıqlı bankçılıq üçün ekoloji, sosial və idarəetmə (ESG) standartları əsasında inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdır.

Fins.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

O qeyd edib ki, banklar "yaşıl maliyyələşdirmə" və davamlı layihələrin təşviqi ilə cəmiyyətin gələcəyinə töhfə verə bilər: "Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi 'Yaşıl Taksonomiya' maliyyə sektorunda dayanıqlı inkişaf və 'yaşıl keçid' üzrə strateji hədəflərin reallaşdırılması baxımından vaxtında atılmış mühüm addım hesab oluna bilər. Bu sənəd iqtisadi sektorlar üzrə 'yaşıl fəaliyyət' növlərini, alt-növlərini və onların texniki təsnifat meyarlarını müəyyən edir, 10 sektoru əhatə edir."

V.Qasımlı əlavə edib ki, beynəlxalq səviyyədə "yaşıl taksonomiyalar" maliyyə sistemini daha dayanıqlı etmək və maliyyə resurslarını iqtisadiyyatda "yaşıl fəaliyyət"ə yönləndirmək üçün vacib alətlərdən biridir.

Fuad Mədətov
Fins.az