BANK

20 Fevral

S&P Global Ratings Azərbaycanın iqtisadi artım proqnozunu 2%-ə yüksəldib

“SP Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci il üçün Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

Finss.az xəbər verir ki, reytinq agentliyi 2025-ci ildə Azərbaycanın ÜDM real artımını 2% olaraq müəyyən edib, 2026-cı il üçün isə bu gözləntini 1,5%-dən 2%-ə yüksəldib.

SP qeyd edib ki, 2024-cü ildə Qafqaz və Mərkəzi Asiya regionunda faktiki ÜDM artımı agentliyin əvvəlki proqnozlarını üstələyib. 2025-ci ildə isə ÜDM artımı ilə bağlı gözləntilər yüksək olsa da, bu artım 2024-cü ilə nisbətən daha az olacaq.

Agentlik əlavə edib ki, Qazaxıstan və Azərbaycan kimi neft istehsalçıları son dövrlərdəki neft qiymətləri dinamikasından faydalansalar da, neft hasilatının azalması ilə üzləşirlər. Lakin müsbət hal ondan ibarətdir ki, bu ölkələrdə neftdən kənar sahələrdəki iqtisadi artım artıq neft və qaz sektorundakı artımı üstələyir.

Eyni zamanda, Ermənistan və Gürcüstanda iqtisadi artımın yavaşlaması, əsasən, Rusiyadan miqrant və kapital axınının azalması ilə əlaqələndirilir.

Fuad Mədətov
Finss.az