Azərbaycanda bank əmanətlərinin məbləği 15 milyard manata yaxınlaşır.
Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2024-cü ilin sonuna ölkə üzrə əhalinin banklardakı əmanətlərinin ümumi məbləği 14 milyard 662 milyon manat olub. Bunun 12 milyard 954 milyon manatı və ya bütün əmanətlərin 88%-i Bakı şəhərinin payına düşüb.
Ölkə əhalisinin sayını nəzərə aldıqda, ölkədə 1 nəfərə düşən orta əmanət məbləği 1 435 manat təşkil edir.
Ənənəvi olaraq, Bakı şəhərində adambaşına düşən orta əmanət məbləği ölkə üzrə orta göstəricidən bir neçə dəfə artıqdır. Paytaxtda bir nəfərə düşən orta əmanət məbləği 5 513 manat təşkil edir.
Adambaşına düşən əmanət məbləği üzrə sonrakı yerlərdə Sumqayıt (783 manat), Gəncə (635 manat), Naxçıvan (551 manat) və Mingəçevir (474 manat) şəhərləri yerləşir.
Ölkə üzrə adambaşına düşən orta əmanət məbləği üzrə ən aşağı göstəricilər Laçın (2 manat) və Zəngilan (7 manat) rayonlarında qeydə alınıb.
Bakı və Abşeron rayonlarını, həmçinin ənənəvi olaraq ölkənin iqtisadi mərkəzləri sayılan şəhərləri nəzərə almadıqda, banklarda adambaşına düşən orta əmanət məbləğinə görə Xaçmaz (409 manat), Qazax (336 manat), Şirvan (310 manat), Zaqatala (286 manat) və Lənkəran (283 manat) önə çıxır.
İşğaldan azad edilmiş rayonlar nəzərə alınmadan isə adambaşına ən aşağı orta əmanət məbləği Kürdəmirdə (12 manat), Yardımlı (23 manat), Lerik (26 manat), Sədərək (31 manat) və Qobustanda (32 manat) qeydə alınıb.
Fuad Mədətov
Finss.az