AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin direktor müavini Xiaohong Yang, COP29 çərçivəsində “Davamlı və rəqəmsal Orta Dəhliz və ondan kənarda” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada Orta Dəhliz boyunca mövcud olan darboğazların aradan qaldırılmasında modernləşmə, rəqəmsal əlaqə və regional əməkdaşlığa edilən sərmayələrin açar rolunu oynadığını qeyd edib.
Fins.az xəbər verir ki, Yang, Orta Dəhlizin əhəmiyyətli potensiala malik olduğunu və bu potensialı gerçəkləşdirmək üçün müasir investisiyaların vacib olduğunu vurğulayıb. O, "CAREC Dəhlizi 2" kimi tanınan Orta Dəhlizin AİB tərəfindən dəstəklənən CAREC İnkişaf Proqramı çərçivəsində inkişaf etdiyini və bu proqramın 2001-ci ildən bəri bir sıra beynəlxalq tərəfdaşlar tərəfindən həyata keçirildiyini bildirib. Son illərdə, bu proqram çərçivəsində həyata keçirilən 276 regional layihə 51 milyard dollarlıq sərmayəni əhatə edib. Ən böyük investorlar isə AİB, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankıdır.
Yang, gələcək inkişaf üçün yeni investorların cəlb edilməsinin vacibliyini qeyd edərək, CAREC layihəsinin investisiyalarının ən böyük payının nəqliyyat sektoruna (67%) aid olduğunu, enerji sektorunun 25%, ticarətin asanlaşdırılması və ticarət siyasətinin isə cəmi 2,7% təşkil etdiyini bildirib.