BANK

28 Oktyabr

Azərbaycanda bahalı istehlak krediti təklif edən BOKT-lar - SİYAHI

İstehlak krediti götürərkən müştərilərin əsas diqqət yetirdikləri məqamlardan biri aylıq ödəniş məbləğidir. Bank Olmayan Kredit Təşkilatları (BOKT) arasında faiz dərəcələri və kredit şərtləri fərqli olduğu üçün, hər bir BOKT-un aylıq ödənişi də dəyişir.

Fins.az, 5000 manatlıq istehlak krediti üzrə müxtəlif BOKT-ların aylıq ödənişlərini araşdırdıqda, faiz dərəcələrinin və ödəniş şərtlərinin BOKT-lara görə ciddi şəkildə fərqləndiyini göstərir. Araşdırma 18 aylıq kredit müddəti üçün ən yüksək və ən aşağı aylıq ödəniş tələb edən BOKT-ların təklif etdiyi istehlak krediti məhsullarını təhlil edir.

18 ay müddətinə təklif edilən 5000 manatlıq istehlak krediti üçün ən yüksək aylıq ödəniş "İNTERNATIONAL BOKT"-a məxsusdur; bu BOKT-un kredit kalkulyatoru ilə təklif etdiyi aylıq ödəniş 363,54 AZN-dir. Növbəti yüksək ödənişi "AzFinans" MMC təklif edir; bu kredit təşkilatında 5000 manat üçün aylıq ödəniş 360,99 AZN-dir. "FİNOKO" BOKT ASC-də isə aylıq ödəniş 348,35 AZN-dir.

"KredAqro" BOKT da bahalı kredit təklif edən təşkilatlar sırasındadır; burada müştərilər 5000 manat üçün aylıq 340,18 AZN ödəməlidir. Bu dörd BOKT-da faiz dərəcələrinin yüksək olması, kredit götürənlər üçün əlavə maliyyə yükü yaradır.

Ən az aylıq ödəniş isə "EMBAFİNANS" QSC-dədir; burada aylıq ödəniş 277,78 AZN-dir ki, bu da digər BOKT-lara nisbətən ən aşağı göstəricidir. Bu təşkilat müştərilər üçün daha sərfəli kredit şərtləri təqdim edir.

Digər aşağı aylıq ödənişlər "NAS PROJECT BOKT" ASC (319 AZN) və "TBC Kredit BOKT" MMC (317 AZN) ilə müşahidə olunur. Ümumilikdə, BOKT-ların əksəriyyətində aylıq ödəniş 319,03 AZN civarındadır. Bu göstərici "Azərbaycan Mikro-Kredit BOKT", "Falcon Finance", "FinEx Kredit", "Finca Azerbaijan", "İdeal Kredit" və bir neçə digər BOKT-da da görünür.

Araşdırma, BOKT-lar arasında faiz dərəcələri və kredit şərtlərinin ciddi şəkildə fərqləndiyini, yüksək faizlərin müştəriləri daha çox aylıq ödəniş etməyə məcbur etdiyini ortaya qoyur. Bu da kredit götürməzdən əvvəl müştərilərin BOKT-ların şərtlərini diqqətlə araşdırmasının vacibliyini vurğulayır.

Aşağıdakı cədvəldə kredit kalkulyatoru üzərindən 5000 manatı 18 aya geri ödəmək şərti ilə BOKT-ların tələb etdiyi aylıq kredit ödənişi məbləğləri əks olunur:

S/n Bank Olmayan Kredit Təşkilatları 5000 manat kreditə görə aylıq ödəniş məbləği
1 International BOKT 363,54 AZN
2 BOKT "AzFinans" MMC 360,99 AZN
3 “FİNOKO” BOKT ASC 348,35 AZN
4 "KredAqro" BOKT MMC 340,18 AZN
5 BOKT “AZKREDİT” ASC 333,89 AZN
6 BOKT "Falcon Finance" MMC 319,03 AZN
7 BOKT “İDEAL KREDİT” MMC 319,03 AZN
8 BOKT “İnkişaf üçün Maliyyə” MMC 319,03 AZN
9 “PREMİER KREDİT BOKT” MMC 319,03 AZN
10 “Azərbaycan Mikro-Kredit BOKT” ASC 319,03 AZN
11 “TCF” BOKT ASC 319,03 AZN
12 “Prior Credit BOKT” ASC 319,03 AZN
13 MM “Finca Azerbaijan” QBKT 319,03 AZN
14 "FinEx Kredit" BOKT ASC 319,03 AZN
15 “NAS PROJECT BOKT" ASC 319,00 AZN
16 “TBC Kredit BOKT” MMC 317,00 AZN
17 BOKT “EMBAFİNANS” QSC 277,78 AZN

Fuad Mədətov
Fins.az