Bu ilin sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı avqust ayına nisbətən 356 min ədəd artaraq 18,92 milyonu ötüb.
Fins.az Mərkəzi Bankın hesabatına əsasən, xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,7 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,6 faiz, kredit kartları üzrə 6,3 faiz təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb. Cari ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,154 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,069 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,076 milyon manatı POS-terminallar, 7,7 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63,4 faizini təşkil edib.