BANK

27 Oktyabr

Expressbankda Çəhrayı Oktyabr seminarı keçirilib

Expressbank Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı ilə əlaqədar qadın əməkdaşlarına maarifləndirmə seminarı keçirib.

Bu barədə Fins.az-a bankdan  məlumat verilib.

Seminar zamanı Liv Bona Dea Xəstəxanasının həkim - onkoloqu erkən diaqnozun önəmindən bəhs edib və bununla əldə edilən müsbət nəticələrə diqqət çəkib. Həmçinin seminar iştirakçılarına sözügedən xəstəliyin risk faktorlarından və özünümüayinə üsullarından bəhs olunub. Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, hər il ölkəmizdə orta hesabla 2 mindən çox qadına süd vəzi xərçəngi diaqnozu qoyulur. Həyatın hər sahəsində qadınların aktiv iştirakı onların stres səviyyəsinin artmasına, bu və başqa risk faktorlarının təkan verməsi isə xəstəliyin hər növbəti il yüksələn statistika ilə görünməsinə gətirib çıxarır.

Məhz bu səbəbdən dünya üzrə qadınların bu mövzuda maariflənməsini artırmaq və erkən müayinənin müsbət nəticələrinə diqqət çəkmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib. Belə ki, statistik məlumatlara görə erkən diaqnozun qoyulması və doğru müalicənin tətbiq olunması 98% hallarda həyat xilas edir.

Qeyd edək ki, Expressbank ASC mütəmadi olaraq əməkdaşlarının sağlamlığının qayğısına qalır və bu istiqamətdə müvafiq müayinə və maarifləndirmə tədbirləri həyata keçirir.

"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Zemfira Ms
Fins.az