Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə distant kreditləşməni tənzimləmək üçün hazırlıqlar görür.
Bu barədə AMB-nin Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr olunmuş Mikromaliyyə konfransında məlumat verib.
X.İsmayılov bildirib ki, AMB bu istiqamətdə beynəlxalq təcrübələri öyrənir və yerli prioritetləri nəzərə alaraq distant kreditləşmənin ümumi şərtlərini müəyyən edəcək. Əsas məqsəd istehlakçıların hüquqlarını qorumaq və onların həddindən artıq borc yükünə düşməsinin qarşısını almaqdır.
Eyni zamanda, bank olmayan kredit təşkilatlarına (BOKT) aid qanunvericilikdəki dəyişikliklər çərçivəsində pul köçürmələri və BOKT-da hesab açmadan valyuta mübadiləsi aparma imkanları da nəzərdən keçirilir.
2025-ci ilin sonuna qədər Azərbaycanda BOKT-ların aktivlərinin iki dəfə artacağı gözlənilir. X. İsmayılovun sözlərinə görə, BOKT-ların aktivləri 1 milyard manatı keçmək məqsədini güdür. Hal-hazırda BOKT-ların kapitalı 482 milyon manata çatıb. Bu artım, həmin təşkilatların mənfəət əldə etməsi və yeni iştirakçıların bazara daxil olması ilə əlaqədardır.
O əlavə edib ki, BOKT-ların şəbəkələri də genişlənir. Mikromaliyyələşdirmə sektorunda filialların sayı 302-yə çatıb. Banklardan fərqli olaraq, BOKT-ların regionlarda genişlənməsi daha müsbət nəticələr verir. Sektorun əməkdaşlarının sayı 3,500 nəfərə, müştəri sayı isə 700,000-ə yüksəlib.
AMB-nin bu addımları, bank olmayan kredit təşkilatlarının bazardakı rolunu artırmaq və istehlakçıların maliyyə təhlükəsizliyini gücləndirmək məqsədini güdür.
Fuad Mədətov
Fins.az