BANK

23 Oktyabr

AMB qeyri-bank kredit təşkilatları üçün qaydaları dəyişir

Azərbaycan Mərkəzi Bankı (AMB) hal-hazırda qeyri-bank kredit təşkilatları üçün prudensial normativlərin yenilənməsi üzərində iş aparır.

Fins.az xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin sədri Togrul Əliyev “Davamlı mikrofinansmanın innovativ həlləri” konfransında məlumat verib.

O bildirib ki, mikrofinansmanın modelinin formalaşdırılması bu sektorda fəaliyyət göstərən institutlara əlavə maliyyə xidmətlərinin təqdim edilməsi imkanlarının yaradılmasını və onların rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Bu təşəbbüslərin əsas məqsədi isə ölkədə mikro və kiçik sahibkarlığın inkişafıdır.

T. Əliyev qeyd edib ki, AMB, həmçinin rəqəmsal texnologiyaların tətbiqinə xüsusi önəm verir. Mikrofinans sektoru ilə yanaşı, maliyyə sektorunda rəqəmsal texnologiyaların tətbiqi strategiyaya daxil edilib. O, informasiya təhlükəsizliyinin təminatına və kibertəhlükəsizlik çağırışlarının adekvat idarə edilməsinə xüsusi diqqət ayırdı. Bu kontekstdə strategiyada rəqəmsal maliyyə təşəbbüsləri üçün ayrıca fəaliyyət planı hazırlanıb ki, bu da xüsusi tənzimləmələr, açıq bankçılıq, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik təşəbbüslərini əhatə edir.

O əlavə edib ki, cari ilin mart ayında AMB bütün maliyyə sektoru, o cümlədən mikrofinans sektoru, banklar və kredit təşkilatları üçün informasiya təhlükəsizliyi təminatına dair tələblər müəyyən edib.

“Gələcək illərdə bu, nəzarət və tənzimləmə sahəsində prioritet məqsədimiz olaraq qalacaq. Həmçinin, qeyri-bank kredit təşkilatları haqqında qanunvericilikdəki dəyişikliklər nəzərə alınaraq AMB-nin risklərin idarə edilməsi tələblərində yeniləmələr və dəyişikliklər gözlənilir. Bu məqsədlə qeyri-bank kredit təşkilatları üçün prudensial normativlərin yenilənməsi üzərində iş aparılır”, - deyə o əlavə edib.

Qeyd edək ki, 1 noyabr tarixində AMB faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını elan edəcək.