Bakıda keçirilən "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf" forumunda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə, beynəlxalq maliyyə sisteminin inkişafına yönəlmiş yeni təşəbbüsləri təqdim edib.
Fins.az xəbər verir ki, Ş.Mahmudzadə AMB-nin Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində 110 ölkə üçün vahid taksonomiya prinsipi yaratmaq üzərində çalışdığını bildirib:
“Dünyada 48 ölkədə taksonomiya mövcuddur, lakin onların hər biri bir-birindən fərqlənir. Bir ölkədə ekoloji hesab edilən bir şey, digərində belə olmaya bilər ki, bu da transsərhəd əməliyyatları üçün çətinliklər yaradır. Bu kontekstdə Azərbaycan Mərkəzi Bankının təşəbbüsünü və IFC tərəfindən xüsusi dəstəyi vurğulamaq istərdim”.
Ş.Mahmudzadə vurğulayıb ki, AMB artıq 80-dən çox ölkə ilə razılaşmalar əldə edib və məqsəd, bu ölkələri birləşdirən bir sənəd imzalamaqdır:
“Bütün dünya üçün tək bir taksonomiya ola bilməz, çünki hər ölkənin öz coğrafi və iqtisadi reallıqları var, lakin bənzər prinsipləri olan taksonomiyaların qlobal səviyyədə tanınması üçün çalışırıq”.
Baş direktor qeyd edib ki, AMB ilin sonuna qədər dayanıqlı maliyyələşdirmə planını və maliyyə qurumlarının çərçivə şərtlərini tətbiq etməyi planlaşdırır. O, dayanıqlı maliyyələşdirmə siyasətinin 4 əsas istiqamətə bölündüyünü bildirib:
- Maliyyə Sektorunun Potensialının İnkişafı: Maliyyə sektorunun mütəxəssisləri üçün ixtisas artırma tədbirləri həyata keçirilir.
- Tənzimləyici Boşluqların Aradan Qaldırılması: Yerli bazarın tələblərinə uyğun yeni qaydaların, qanunların və təlimatların hazırlanması.
- Taksonomiyanın Yaradılması: Bu prosesin adətən 1-2 il çəkdiyini, lakin Azərbaycan'ın COP29 ilə əlaqədar olaraq bunu 6 ayda başa çatdırmağa çalışdığını qeyd edib.
- Şəffaflığın Təmin Olunması: Maliyyə institutlarının ESG (Ekoloji, Sosial, İdarəetmə) tələblərinə riayət etməsi və ictimaiyyətin məlumatlılığını artırmaq.
AMB-nin baş direktorunun sözlərinə görə, bu təşəbbüslərin həyata keçirilməsi ilə yerli banklar xaricdən daha rahat vəsait cəlb edə biləcəklər. O, iqtisadi sektorun, xüsusən də bank sektorunun risklərini rəqəmsallaşdırmaq niyyətində olduqlarını, bunun əsasında müvafiq tənzimləyici çərçivələrin gətirilməsini planlaşdırdıqlarını da əlavə edib:
“Bu keçərli olsa və implementasiyası olunsa, gələcəkdə yerli banklarımız xaricdən daha rahat vəsait cəlb edə biləcək”.
Fuad Mədətov
Fins.az