Azərbaycanda fəaliyyət göstərən bankların növbəti 36 il ərzində "yaşıl" maliyyələşdirməyə təxminən 17,6 milyard dollar yönəltməlidir və bu, iqlim dəyişikliyi ilə mübarizədə ölkənin qarşısında duran mühüm çağırışlardan biridir.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda çıxışı zamanı deyib.
Z.Nuriyev, Dünya Bankının iqlim və inkişafla bağlı hesabatına istinad edərək, 2060-cı ilə qədər Azərbaycanın karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltması üçün təxminən 44 milyard dollar investisiyaya ehtiyacı olduğunu vurğulayıb. O qeyd edib ki, bu investisiyaların əhəmiyyətli hissəsi özəl sektor və bank sektorunun iştirakı ilə təmin oluna bilər:
“Beləliklə, investisiyaların 60 faizi hökumət və ictimai təşkilatlar tərəfindən, qalan 40 faizi isə banklar tərəfindən maliyyələşdirilməlidir”.
Z.Nuriyev, dövlət və özəl sektordan investisiyaların cəlb edilməsini dəstəkləməyin vacibliyini qeyd edib:
“Dövlət və beynəlxalq maliyyə institutları, eləcə də xarici investorlarla əməkdaşlığı gücləndirmək lazımdır. Banklar 'yaşıl' kreditlər və digər iqlim maliyyələşdirmə alətləri təqdim etməlidir. 'Yaşıl' maliyyələşdirmə üçün dövlət və özəl sektor arasında tərəfdaşlıqlar genişlənməli, banklar isə 'yaşıl' kreditlər və dayanıqlı maliyyə alətləri ilə bazarı dəstəkləməlidir” – deyə bildirib.
Z.Nuriyev, bank sektorunun kredit portfelinin hazırkı ölçüsünə bərabər olan vəsaitləri yalnız "yaşıl" layihələrə yönəltməsinin ciddi bir çağırış olduğunu qeyd edib. O, həmçinin, iqlim dəyişiklikləri ilə bağlı çağırışlara cavab vermək üçün dövlət və özəl sektorun birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Sədr bildirib ki, növbəti illərdə ölkənin bank sektoru hazırkı kredit portfeli qədər vəsaiti sırf “Yaşıl maliyyə”yə yönəltməlidir:
“Bu olduqca böyük çağırışdır. Beynəlxalq təcrübədə çıxış yolu kimi bankların yönələ biləcəyi müxtəlif alətlər mövcuddur. Bu sahədə görülən işlərdə dövlət dəstəyi müstəsna əhəmiyyətə malikdir. Həm dövlət fondlarının dəstəyi, həm qanunvericilik, həm də requlyator tərəfindən tənzimləyici yumşalmalar təşviqedici amil olmaqla yanaşı, banklar üçün sərbəst vəsait yaradır və bu vəsaiti onlara verir" – deyə əlavə edib.
Fuad Mədətov
Fins.az