BANK

18 Oktyabr

Mərkəzi Bankın yaşıl maliyyə taksonomiyası üzrə fəaliyyəti: İlin perspektivləri - Taleh Kazımov

İqlim dəyişikliklərinin dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir edir və bu çağırışların aradan qaldırılması, ümumiyyətlə, yaşıl iqtisadiyyata keçid mühüm prioritetlərdən biridir. Bu keçid ölkə iqtisadiyyatının uzunmüddətli dövrdə dayanıqlı inkişafı baxımından qaçılmazdır.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forum”unda çıxışı zamanı deyib. O, tədbirin qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə, dayanıqlı inkişafın təşviqinə və yaşıl maliyyənin inkişafına həsr edildiyini vurğulayıb.

T.Kazımov qeyd edib ki, yaşıl iqtisadiyyatın inkişafı üçün yaşıl maliyyənin mövcudluğu vacibdir. O, bu istiqamətdə görülməsi lazım olan üç mühüm tədbiri təqdim edib:

  1. Cəmiyyətin məlumatlılığının artırılması: “Cəmiyyətin yaşıl maliyyə barədə məlumatlılığı artırılmalıdır.”
  2. Dialoq qurulması: “Maraqlı tərəflər arasında dialoq qurulmalı və yaşıl maliyyənin genişləndirilməsi üçün müxtəlif innovativ həllər tətbiq olunmalıdır.”
  3. Maliyyə institutu portfellərinin dayanıqlığı: “Maliyyə institutlarının portfellərinin dayanıqlılıq məqsədlərinə uyğunlaşdırılması və bu sahədə mümkün alət və təlimatların təmin edilməsi.”

T.Kazımov, Mərkəzi Bankın strateji gündəliyinin bu tədbirlərlə əhatə olunduğunu vurğulayıb. O, 2023-2026-cı illər üçün hazırlanmış “Dayanıqlı Maliyyə Yol Xəritəsi”ni, yaşıl maliyyə taksonomiyasının hazırlanmasını, yaşıl istiqrazlar üçün hüquqi bazanın yaradılmasını və iqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatların hazırlanmasını qeyd edib:

“Yol Xəritəsi çərçivəsində, yaşıl maliyyə taksonomiyasının hazırlanmasına başlamışıq. Mərkəzi Bank tərəfindən dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar və beynəlxalq təşkilatlarla birlikdə taksonomiyanın ilkin versiyası üzrə məsləhətləşmələr keçirilmişdir. Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur”.

Sədr, bank sektorunun iqlim maliyyəsinin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu sektorda dayanıqlı maliyyə prinsiplərinin tətbiqinin həyata keçirildiyini vurğulayıb:

“Bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə maliyyə öhdəliklərini öz üzərinə götürməyi planlaşdırır. Bu, sektorun iqlim dəyişikliklərinə qarşı mübarizədə iqtisadiyyat üçün zəruri resurs ayırdığını nümayiş etdirir”.

Sığorta sektorunun da dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak etdiyini vurğulayan Kazımov, bərpa olunan enerji sığortası, iqlim riskinin sığortası, eko-avto sığortası və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafı diqqətdə saxlanıldığını deyib.

T.Kazımov onu da qeyd edib ki, bütün bu təşəbbüslər ölkədə yaşıl maliyyələşmə imkanlarının genişlənməsinə imkan verəcəkdir.

Fuad Mədətov
Fins.az