BANK

19 Oktyabr

ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı:30 xanım tələbəyə təqaüd veriləcək

Ölkəmizdə fəaliyyət göstərən universitetlərlə tərəfdaşlığı genişləndirərək universitet-biznes münasibətlərinə töhfə verən ABB bu istiqamətdə daha bir addım atıb. Bank Qarabağ Universiteti ilə də əməkdaşlığa başlayıb. ABB və Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Qarabağ Universitetində keçirilən tədbirdə sənədi ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıb.

Bu barədə Fins.az-a bankdan  məlumat verilib.

Razılaşma sənədi müxtəlif istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, ABB Universitetin ən yüksək təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə təqaüd verəcək. Qarabağda təhsilin və mədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairə Xurşidbanu Natəvanın şərəfinə təqaüd “Natəvan təqaüdü” adlandırılıb.

Yay tətili dövründə Qarabağ Universitetinin tələbələri üçün ABB-nin Xankəndi filialında və digər filiallarında, eyni zamanda, Bankın Baş ofisində təcrübə proqramları təşkil olunacaq. Bank əməkdaşları tərəfindən Universitetdə xüsusi təlimlərin təşkili, həmçinin ABB-nin Xankəndi filialının əməkdaşları üçün Universitetdə müvafiq təlim proqramlarının keçirilməsi də əməkdaşlıq planlarına daxildir.

Bundan başqa, ABB-nin dəstəyi ilə Qarabağ Universitetində karyera günlərinin keçirilməsi, burada ABB-nin tədris auditoriyasının yaradılması, birlikdə elmi konfransların və digər tədbirlərin təşkili, müştərək elmi-tədqiqat layihələrinin reallaşdırılması, qarşılıqlı ekspert-məsləhət dəstəyi də nəzərdə tutulur.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB olaraq ölkəmizdəki bir çox universitetlərlə sıx əlaqələrimiz var. Məmnunuq ki, artıq Qarabağ Universitetinin də ilk tərəfdaşıyıq. Son illərdə təhsilə dəstək, biznes-universitet əməkdaşlığı sahəsində kifayət qədər təcrübə toplamışıq. Bu təcrübə gələcək layihələrimiz üçün faydalı olacaq. ABB-nin təsis etdiyi “Natəvan” təqaüdü də, ümid edirik ki, Qarabağ Universitetinin xanım tələbələri üçün böyük mənəvi dəyər və motivasiya yaradacaq, onlarda liderlik bacarıqlarının inkişafını dəstəkləyəcək. Qarabağı, Şərqi Zəngəzuru elm-təhsil, innovasiyalar məkanına çevirmək hamımızın birgə missiyamızdır”.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov Universitetə qəbul olunan tələbələrin, həmçinin burada çalışan akademik və inzibati heyətin göstəricilərinin yüksək olduğunu qeyd edib. Universitetdə təhsil səviyyəsinin yüksək olmasına xüsusi diqqət göstərildiyini vurğulayıb: “Dövlət rəhbərimiz Qarabağ Universiteti qarşında böyük strateji vəzifələr müəyyənləşdirib. Bu vəzifələri uğurla yerinə yetirmək üçün belə tərəfdaşlıqlar bizim üçün zəruridir. ABB ilə imzaladığımız bu memorandum faydalı bir təcrübə formalaşdıracaq, həm tələbə və müəllimlərimiz, həm ABB əməkdaşları üçün yeni imkanlar yaradacaq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

 

Zemfira Ms
Fins.az