"Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ilin yanvar-sentyabr dövrünü 8 milyon 303 min manat xalis mənfəətlə tamamlayıb. Bu, ötən ilin eyni dövründə əldə olunan 10 milyon 93 min manatdan 1 milyon 790 min manat və ya 17,7% azalma deməkdir. Xalis mənfəətin azalmasının səbəbi, xərclərin və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin artmasıdır.
Əməliyyat Gəlirləri
Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 27 milyon 300 min manat ikən, 2024-cü ilin 9 ayında bu rəqəm 32 milyon 66 min manata yüksəlib. Bu, 4 milyon 766 min manat və ya 17,5% artım deməkdir. Eyni zamanda, bankın qeyri-faiz gəlirləri 2 milyon 617 min manat və ya 13,8% artaraq 18 milyon 927 min manata çatıb.
2024-cü ilin 9 ayında bankın cəmi əməliyyat gəliri (faiz və qeyri-faiz gəlirləri) 7 milyon 383 min manat artıb, lakin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) daha çox, 9 milyon 88 min manat artıb. Bu səbəbdən, bankın əməliyyat mənfəəti 1 milyon 705 min manat azalaraq 2023-cü ilin 9 ayındakı 14 milyon 368 min manatdan 12 milyon 663 min manata düşüb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan məbləğ 621 min manat artaraq 1 milyon 931 min manata çatıb.
Kredit Portfeli
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 33 milyon 283 min manat və ya 11,4% artaraq 325 milyon 61 min manata yüksəlib. İstehlak kreditləri portfeli 8 milyon 459 min manat artaraq 76 milyon 473 min manata, biznes kreditləri portfeli 12 milyon 786 min manat artaraq 201 milyon 668 min manata, ipoteka kreditləri portfeli isə 12 milyon 38 min manat artaraq 46 milyon 919 min manata çatıb.
Bankın Aktivləri və Depozitləri
2024-cü ilin 9 ayı ərzində "Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri 56 milyon 10 min manat və ya 10,9% artaraq 570 milyon 871 min manat təşkil edib. Depozitlər isə 36 milyon 574 min manat və ya 9% artaraq 403 milyon 269 min manata yüksəlib.
Məcmu Kapital
30 sentyabr 2024-cü il tarixinə "Yapı Kredi Bank Azərbaycan" QSC-nin məcmu kapitalı 97 milyon 248 min manat olub, bu da 2023-cü ilin eyni tarixindəki 92 milyon 965 min manatdan daha çoxdur.
Fuad Mədətov
Fins.az