BANK

15 Oktyabr

PAŞA Bank III rübü 146,778 milyon manat xalis mənfəətlə tamamlayıb - HESABAT

"PAŞA Bank" ASC 2024-cü ilin yanvar-sentyabr aylarını 146 milyon 778 min manat xalis mənfəətlə tamamlayıb. Bu rəqəm ötən ilin eyni dövründə 147 milyon 269 min manat olub. Xalis mənfəətdəki cüzi azalma, xərclərin gəlirlərdən daha çox artması ilə əlaqədardır.

Əməliyyat Gəlirləri və Xərcləri

Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin 9 ayında "PAŞA Bank"ın faiz gəlirləri 323 milyon 888 min manat ikən, 2024-cü ilin 9 ayında bu rəqəm 359 milyon 476 min manata yüksəlib. Bu, 35 milyon 588 min manat və ya 11% artım deməkdir. Eyni zamanda, qeyri-faiz gəlirləri 165 milyon 913 min manatdan 194 milyon 645 min manata yüksələrək 28 milyon 732 min manat və ya 17,3% artıb.

Ancaq 2024-cü ilin 9 ayında bankın cəmi əməliyyat gəlirləri 64 milyon 320 min manat artarkən, cəmi əməliyyat xərcləri daha çox - 76 milyon 675 min manat artıb. Nəticədə, "PAŞA Bank"ın əməliyyat mənfəəti 12 milyon 356 min manat azalaraq 193 milyon 311 min manata düşüb. 2023-cü ilin eyni dövründə bankın əməliyyat mənfəəti 205 milyon 667 min manat olub.

Kredit Portfeli

2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "PAŞA Bank"ın kredit portfeli 413 milyon 528 min manat və ya 14,6% artaraq 3 milyard 248 milyon 971 min manata çatıb. İstehlak kreditləri portfeli 8 milyon 833 min manat artaraq 94 milyon 508 min manata, biznes kreditləri portfeli 349 milyon 521 min manat artaraq 2 milyard 943 milyon 845 min manata, ipoteka kreditləri portfeli isə 55 milyon 173 min manat artaraq 210 milyon 618 min manata yüksəlib.

Aktivlər və Depozitlər

2024-cü ilin 9 ayı ərzində "PAŞA Bank"ın cəmi aktivləri 75 milyon 550 min manat azalaraq 8 milyard 575 milyon 821 min manata çatıb. Depozitlər isə 75 milyon 7 min manat azalaraq 6 milyard 860 milyon 168 min manata geriləyib. Burada fiziki şəxslərin depozitləri 281 milyon 802 min manat artıb, hüquqi şəxslərin depozitləri isə 356 milyon 808 min manat azalıb.

Fuad Mədətov
Fins.az