BANK

15 Oktyabr

"Expressbank" III rübü 9,2 milyon manat mənfəətlə tamamlayıb - HESABAT

"Expressbank" ASC 2024-cü ilin yanvar-sentyabr aylarını 9 milyon 175 min manat xalis mənfəətlə tamamlayıb. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 9 milyon 968 min manat olub. Xalis mənfəət 793 min manat və ya 8% azalıb. Bu azalma əsasən mümkün zərərlər üçün daha çox məbləğdə ehtiyatların yaradılması ilə əlaqələndirilir. Bankın kredit portfeli və gəlirləri artsa da, ehtiyatlara ayrılan vəsaitlərin çoxluğu mənfəətin azalmasına səbəb olub.

Əməliyyat Gəlirləri və Mənfəəti

Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Expressbank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 42 milyon 218 min manat olduğu halda, 2024-cü ilin 9 ayında bu rəqəm 49 milyon 640 min manata çatıb, bu isə 7 milyon 422 min manat və ya 17,5%-lik artım deməkdir. Qeyri-faiz gəlirləri də 1 milyon 289 min manat və ya 9,2% artaraq 15 milyon 293 min manata çatıb.

2024-cü ilin 9 ayında bankın ümumi əməliyyat gəlirləri 64 milyon 933 min manat, əməliyyat xərcləri isə 49 milyon 461 min manat olub. Nəticədə, əməliyyat mənfəəti 15 milyon 472 min manat təşkil edib. Bu mənfəətdən 3 milyon 949 min manat mümkün zərərlər üçün ehtiyatlara ayrılıb və 2 milyon 348 min manat mənfəət vergisi ödənilib.

Müqayisə üçün, 2023-cü ilin eyni dövründə "Expressbank" 13 milyon 457 min manat əməliyyat mənfəəti əldə etmiş və 1 milyon 16 min manat ehtiyatlara ayırmışdı. 2024-cü ildə bankın əməliyyat mənfəəti 2 milyon 15 min manat və ya 13% artıb.

Kredit Portfeli və Aktivlər

2024-cü ilin 9 ayında "Expressbank"ın kredit portfeli 58 milyon 949 min manat və ya 14,4% artaraq 468 milyon 202 min manata çatıb. İstehlak kreditləri 26 milyon 58 min manat artaraq 215 milyon 420 min manata, biznes kreditləri 27 milyon 125 min manat artaraq 140 milyon 518 min manata, ipoteka kreditləri isə 5 milyon 765 min manat artaraq 112 milyon 263 min manata çatıb.

Bankın cəmi aktivləri 2024-cü ilin 9 ayında 2,4% artaraq 573 milyon 655 min manata çatıb. Depozitlər isə 6 milyon 110 min manat və ya 2,6% artaraq 236 milyon 521 min manata yüksəlib. Fiziki şəxslərin depozitləri 24,6% artaraq 189 milyon 542 min manat olub.

Məcmu Kapital

2024-cü ilin sentyabr ayında "Expressbank" 134 milyon 554 min manat məcmu kapitala malik olub. 2023-cü ilin sonunda isə bu rəqəm 127 milyon 825 min manat idi. Bu, 6 milyon 729 min manat və ya 5,3%-lik artım deməkdir.

Fuad Mədətov
Fins.az