"Turan Bank" ASC 2024-cü ilin yanvar-sentyabr aylarını 1 milyon 665 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, bank ötən ilin eyni dövründə 11 milyon 953 min manat xalis zərər göstərmişdi. 2024-cü ilin 9 ayında bankın kredit portfeli genişlənib, gəlirləri isə artıb.
Əməliyyat Gəlirləri
Fins.az-ın bankın rüblük hesabatlarına istinadən verdiyi məlumata görə, "Turan Bank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 59 milyon 382 min manat olduğu halda, 2024-cü ilin 9 ayında bu rəqəm 66 milyon 661 min manata çatıb, bu da 7 milyon 279 min manat və ya 12,3%-lik artım deməkdir. Qeyri-faiz gəlirləri isə 8 milyon 245 min manatdan 14 milyon 758 min manata yüksəlib, bu isə 6 milyon 513 min manat və ya 79%-lik artımı göstərir.
Əməliyyat Mənfəəti
2024-cü ilin 9 ayında "Turan Bank"ın ümumi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 81 milyon 419 min manat, ümumi əməliyyat xərcləri isə 64 milyon 338 min manat olub. Gəlirlər xərcləri üstələdiyi üçün əməliyyat mənfəəti 17 milyon 81 min manat təşkil edib. Bank bu mənfəətdən 15 milyon 415 min manat mümkün zərərlər üçün yaradılan ehtiyat fondlarına ayırıb.
Müqayisə üçün, 2023-cü ilin eyni dövründə "Turan Bank"ın ümumi əməliyyat gəlirləri 67 milyon 627 min manat, əməliyyat xərcləri isə 62 milyon 719 min manat olub. Bank həmin il əməliyyat mənfəəti kimi 4 milyon 908 min manat əldə etmişdi və bu mənfəətdən 16 milyon 861 min manat ehtiyatlara ayırmışdı.
Kredit Portfeli
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində bankın kredit portfeli 21 milyon 427 min manat və ya 3,4% artaraq 650 milyon 783 min manata çatıb. İstehlak kreditləri 6 milyon 117 min manat artaraq 148 milyon 699 min manata, biznes kreditləri 5 milyon 877 min manat artaraq 373 milyon 508 min manata, ipoteka kreditləri isə 9 milyon 433 min manat artaraq 128 milyon 576 min manata yüksəlib.
Bankın Aktivləri və Kapitalı
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Turan Bank"ın ümumi aktivləri 28 milyon 820 min manat və ya 3,5% artaraq 851 milyon 593 min manata çatıb. Bankın məcmu kapitalı isə 30 sentyabr 2024-cü il tarixinə 120 milyon 180 min manat olub.
Fuad Mədətov
Fins.az