BANK

15 Oktyabr

"Kapital Bank" III rübü 166,73 milyon manat xalis mənfəətlə başa vurub - HESABAT

"Kapital Bank" ASC 2024-cü ilin III rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Faiz gəlirləri və xərcləri

Fins.az xəbər verir ki, bank bu rübdə 615 milyon 50 min manat faiz gəliri əldə edib. Bu göstərici son bir ildə 102 milyon 665 min manat və ya 20% artıb. Gəlirlərin böyük hissəsi – 505 milyon 328 min manat – müştərilərə verilən kreditlərdən formalaşıb ki, bu da illik müqayisədə 115 milyon 255 min manat və ya 30% çoxdur.

Faiz xərcləri 80 milyon 651 min manat (2 dəfə) artaraq 158 milyon 630 manata yüksəlib. Bu xərclərin 114 milyon 642 min manatı depozitlər üzrədir və bu göstərici ötən ilə nisbətən 58 milyon 773 min manat və ya 2,1 dəfə artıb.

Nəticədə xalis faiz gəlirləri 456 milyon 420 min manat olub ki, bu da illik müqayisədə 22 milyon 14 min manat və ya 5% çoxdur.

Qeyri-faiz gəlirləri və xərcləri

Bankın qeyri-faiz gəlirləri 442 milyon 44 min manat, qeyri-faiz xərcləri isə 569 milyon 735 min manat təşkil edib. Gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 110 milyon 903 min manat və ya 33%, xərclər isə 122 milyon 830 min manat və ya 27% artıb.

Qeyri-faiz gəlirlərinin 397 milyon 245 min manatı alınan haqq və komissiya gəlirlərindən, 37 milyon 31 min manatı isə xarici valyutadan gələn gəlirlərdən ibarətdir. Haqq və komissiya gəlirləri 100 milyon 387 min manat (34%), xarici valyutadan gəlirlər isə 4 milyon 915 min manat (15%) artıb.

Əmək haqqı və digər xərclər

Hesabat dövründə əmək haqqı xərcləri 28 milyon 42 min manat (18%) artaraq 184 milyon 164 min manata çatıb. Ümumi və inzibati xərclər 54 milyon 964 min manat, amortizasiya xərcləri 31 milyon 239 min manat, digər xərclər isə 299 milyon 368 min manat təşkil edib. Ümumi və inzibati xərclər 18 milyon 795 min manat (52%), digər xərclər isə 103 milyon 809 min manat (53%) artıb.

Mənfəət və aktivlər

54 milyon 91 min manat mənfəət vergisi ödənişindən sonra "Kapital Bank" III rübü 166 milyon 73 min manat xalis mənfəətlə başa vurub. Bankın cəmi aktivləri 10 milyard 277 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 818 milyon manat çoxdur.

Kredit və depozit portfeli

III rübdə bankın kredit portfeli 1 milyard 198 milyon manat (31%) artaraq 5 milyard 115 milyon manata yaxınlaşıb. Kredit portfelinin 2 milyard 815 milyon manatı istehlak, 1 milyard 689 milyon manatı biznes, 610 milyon manatı isə daşınmaz əmlak kreditləridir. Mümkün zərərlər üçün yaradılan ehtiyatlar 542 milyon 548 min manata bərabər olub və xalis kredit portfeli 4 milyard 572 milyon manata çatıb.

İllik müqayisədə istehlak kreditləri 667 milyon 311 min manat (31%), biznes kreditləri 460 milyon 29 min manat (37%), ipoteka kreditləri isə 71 milyon 2 min manat (13%) artıb. Xalis kredit portfeli 1 milyard 87 milyon manat və ya 31% böyüyüb.

Bankın öhdəlikləri 9 milyard 371 milyon manata, depozit portfeli isə 7 milyard 938 milyon manata yüksəlib. Depozit portfelinin 2 milyard 585 milyon manatı fiziki, 5 milyard 352 milyon manatı isə hüquqi şəxslərə aiddir.

Son bir ildə depozitlərdə 1 milyard 455 milyon manat (22%), fiziki şəxslərin depozitlərində isə 724 milyon 524 min manat (39%) artım baş verib.

Kapital

Bankın balans kapitalı 52 milyon 433 min manat (6%) artaraq 906 milyon 376 min manata çatıb. Bölüşdürülməmiş mənfəət 578 milyon 886 min manat təşkil edib ki, bu da ötən ilin sonuna nisbətən 50 milyon 157 min manat (9%) çoxdur.

Fuad Mədətov
Fins.az