BANK

15 Oktyabr

"Bank Respublika" III rübü xalis mənfəətlə başa vurub - 53% ARTIB - HESABAT

"Bank Respublika" 2024-cü ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Mənfəət və vergi ödənişləri

Fins.az-ın bankın hesabatına istinadən verdiyi məlumata görə, "Bank Respublika" bu dövrü 39 milyon 273 min manat xalis mənfəətlə başa vurub. Bu, illik müqayisədə 13 milyon 603 min manat və ya 53% artım deməkdir. Bank, həmçinin 10 milyon 447 min manat məbləğində mənfəət vergisi ödəyib. Mənfəət vergisi ödənişlərində də 1 milyon 852 min manat (22%) artım qeydə alınıb.

Gəlir və xərclər

Bankın faiz gəlirləri 172 milyon 619 min manat olub. Bunun 145 milyon 128 min manatı müştərilərə verilən kreditlərdən formalaşıb. Faiz gəlirləri son bir ildə 34,8 milyon manat (25%) artıb, kreditlərdən əldə edilən faiz gəlirləri isə 26,2 milyon manat (22%) yüksəlib. Faiz xərcləri isə 9,4 milyon manat (17%) artaraq 63,2 milyon manata çatıb. Beləliklə, xalis faiz gəlirləri 109,5 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 25,5 milyon manat və ya 30% artım deməkdir.

Qeyri-faiz gəlirləri və xərclər

Bankın qeyri-faiz gəlirləri 28,1 milyon manat, qeyri-faiz xərcləri isə 85,4 milyon manat olub. Xərclər son bir ildə 8,6 milyon manat (11%) artıb. Əmək haqqı xərcləri isə 46,9 milyon manata yüksəlib və əvvəlki illə müqayisədə 6,7 milyon manat (17%) artım olub. Ümumi və inzibati xərclər 22 milyon manat, amortizasiya xərcləri isə 3 milyon manat təşkil edib.

Aktivlərin və kredit portfelinin artımı

Bankın aktivləri 2024-cü ilin III rübündə 2 milyard 154 milyon manata çatıb ki, bu da ilin əvvəlindən 21,8 milyon manat (1%) artım deməkdir. Aktivlərin 544 milyon manatı nağd vəsaitlərdən, 46 milyon 967 min manatı isə qiymətli kağızlara yatırımlardan ibarətdir.

Kredit portfeli 1 milyard 352 milyon 299 min manat təşkil edib və 178 milyon 70 min manat (15%) artım qeydə alınıb. Kredit portfelinin 295 milyon 321 min manatı istehlak kreditlərinə, 914 milyon 825 min manatı biznes kreditlərinə, 142 milyon 152 min manatı isə ipoteka kreditlərinə ayrılıb.

Depozit və kapital portfeli

Depozit portfeli 1 milyard 342 milyon manat olub. Fiziki şəxslərin depozitləri 649 milyon 868 min manat, hüquqi şəxslərin depozitləri isə 692 milyon 589 min manat təşkil edib.

Bankın balans kapitalı 186 milyon manata yüksəlib ki, bu da illik müqayisədə 30,3 milyon manat (19%) artımdır. Bölüşdürülməmiş mənfəətin həcmi isə 87,4 milyon manat olub, bu da illik müqayisədə 28,8 milyon manat (49%) artımdır.

Fuad Mədətov
Fins.az