BANK

15 Oktyabr

"Bank of Baku" III rübü 20 milyon manat xalis mənfəətlə başa vurub - HESABAT

"Bank of Baku" ASC-nin 2024-cü ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb və bankın əsas göstəricilərində əhəmiyyətli artımlar qeydə alınıb.

FAİZ GƏLİRLƏRİNDƏ ARTIM

Fins.az-a istinadən xəbər verilir ki, bankın faiz gəlirləri 112,6 milyon manat təşkil edib və illik müqayisədə 18,5 milyon manat, yəni 20% artıb. Bu gəlirlərin 105,7 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə edilib və bu məbləğ əvvəlki illə müqayisədə 15,8 milyon manat (18%) çoxdur.

Bundan əlavə, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 15 min manat, banklarda yerləşdirilən depozitlərdən isə 2,7 milyon manat gəlir əldə olunub. Ticarət və investisiya qiymətli kağızlarından əldə edilən faiz gəlirləri isə 3,7 milyon manat təşkil edib.

FAİZ XƏRCLƏRİ

Faiz xərcləri 11,4 milyon manat (39%) artaraq 40,7 milyon manata çatıb. Bu xərclərin əsas hissəsini - 38 milyon manat - depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 10,9 milyon manat (40%) artımdır. Nəticədə, bankın xalis faiz gəlirləri 71,9 milyon manat olub ki, bu da illik 7,1 milyon manat (11%) artım deməkdir.

QEYRİ-FAİZ GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ

Qeyri-faiz gəlirləri 13 milyon manat, xərcləri isə 61,7 milyon manat olub. Gəlirlər illik 3,4 milyon manat (35%), xərclər isə 11,4 milyon manat (23%) artıb. Qeyri-faiz gəlirlərinin əsas hissəsi alınan haqq və komisiya gəlirlərindən ibarət olub və illik müqayisədə 1,4 milyon manat (6%) artaraq 23,7 milyon manata çatıb.

Xərclərin 5 milyon manatı əmək haqqı, 1,1 milyon manatı inzibati xərclər, 1,8 milyon manatı amortizasiya xərcləri, 31,1 milyon manatı isə digər xərclər təşkil edib. Əmək haqqı xərcləri 1,4 milyon manat (6%), ümumi və inzibati xərclər 1,1 milyon manat (26%), amortizasiya xərcləri 315 min manat (20%), digər xərclər isə 8,7 milyon manat (39%) artıb.

Bank, 6,5 milyon manat mənfəət vergisi ödədikdən sonra, rübü 20 milyon manat xalis mənfəətlə başa vurub.

AKTİVLƏR VƏ KREDİT PORTFELİ

Bank of Bakunun aktivləri cari ilin III rübündə 919,5 milyon manat təşkil edib və illik müqayisədə 48,6 milyon manat (6%) artıb. Bankın kredit portfeli isə 750,6 milyon manat təşkil edib və illik müqayisədə 91,6 milyon manat (14%) artım göstərib. İstehlak kreditləri 565 milyon manat, biznes kreditləri 139 milyon manat, daşınmaz əmlak kreditləri isə 46,6 milyon manat olub.

DEPOZİT PORTFELİ

Depozit portfeli 571,3 milyon manat olub ki, bunun 517,6 milyon manatı fiziki şəxslərin, 53,7 milyon manatı isə hüquqi şəxslərin əmanətləridir. İllik müqayisədə depozit portfeli 55,7 milyon manat (11%) artıb.

KAPİTAL

Bank of Bakunun kapitalı 149,7 milyon manat təşkil edib və bu göstərici illik müqayisədə 10,7 milyon manat (8%) artıb. Bölüşdürülməmiş mənfəət isə 9,5 milyon manat (12%) artaraq 86,5 milyon manata çatıb.

Fuad Mədətov
Fins.az