BANK

11 Oktyabr

Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri AÇIQLAYIB

Azərbaycanda ictimai binalarda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi, əlavə təbii qaz ixracı hesabına ildə 509 milyon ABŞ dolları gəlir gətirə bilər.

Fins.az xəbər verir ki, bunu Dünya Bankının energetika üzrə baş mütəxəssisi Yasemin Orucu Azərbaycanda enerji səmərəliliyinin artırılması tədbirləri ilə bağlı təqdimatında deyib.

Y.Orucu bildirib ki, enerji səmərəliliyinin artırılması üçün ictimai binaların texniki potensialı istehlakın 50%-ni təşkil edir, bu da ildə 154 milyon ABŞ dolları qənaət etməyə imkan tanıyır.

Bu tədbirlər 40 milyon kvadratmetr sahəsi olan 45 min ictimai binaya aiddir. İctimai binalarda enerji səmərəliliyi sayəsində illik enerji istehlakının 0,9%-dən 3,1%-nə qədər azalması mümkün olacaq. Bu, əlavə 644 milyon kubmetr təbii qaz ixracını və 509 milyon ABŞ dolları gəliri təmin edə bilər.

Y.Orucu, pilot layihələr vasitəsilə başlanğıc etməyi, Enerji Səmərəliliyi Fondunun yaradılmasını və enerjiyə qənaət edən avadanlıqların əlçatanlığını təmin etməyi tövsiyə edib. 2030-cu ilə qədər tələbin 5%, 2050-ci ilə qədər isə 15% azalması üçün enerji səmərəliliyi siyasəti tətbiq edilməlidir.

Fuad Mədətov
Fins.az