BANK

17 Sentyabr

ADB Azərbaycanın regional nəqliyyat əlaqələrini gücləndirmək üçün yeni kredit ayırır

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Şimal-Cənub dəhlizinin əsas hissəsini təkmilləşdirmək və regional əlaqələri gücləndirmək məqsədilə 131.5 milyon ABŞ dolları məbləğində kredit ayrılmasını təsdiqləyib.

Fins.az xəbər verir ki, layihənin ümumi dəyəri 160.5 milyon ABŞ dollarıdır, bunun 29 milyon ABŞ dolları Azərbaycan hökumətinin payına düşür. Kredit, ADB-nin çevik kredit məhsulu çərçivəsində, 2 illik güzəştli dövr daxil olmaqla, 22 il müddətinə müəyyən edilmiş faiz dərəcəsi ilə veriləcək.

Vəsait, Sumqayıt-Yalama xəttində yerləşən mülki tikililər və dəmir yolu keçidləri də daxil olmaqla 166 kilometrlik ikixətli magistralın bərpasının tamamlanmasına yönəldiləcək. Bu kredit, 2017-ci ildə təsdiqlənmiş Dəmir Yolu Sektorunun İnkişafı Proqramına əlavə maliyyələşdirmə kimi nəzərdə tutulur və ölkədə dəmir yolu əməliyyatlarının modernləşdirilməsinə dəstək verəcək.

ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib ki, “dəmir yolu infrastrukturunun modernləşdirilməsi təhlükəsizliyi və enerji səmərəliliyini artıracaq, həmçinin nəqliyyat xərclərini azaldacaq. Bundan əlavə, bu, Azərbaycanın Avropa və Asiyanın kəsişməsindəki strateji mövqeyini gücləndirəcək."

Layihə, həm də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) nəqliyyat strategiyasına uyğundur və təkmilləşdirilmiş dəmir yolu və multimodal infrastruktur vasitəsilə regional iqtisadi inkişafa töhfə verəcək.

Dəmir Yolu Sektorunun İnkişafı Proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2018-2019-cu illərdə hərtərəfli islahatlar həyata keçirib ki, bu da maliyyə vəziyyətinin və idarəetmənin yaxşılaşdırılmasına kömək edib. 2018-ci ildən 2022-ci ilə qədər ADY-nin yük daşımalarının həcmi 34% artaraq 14 milyon tondan 18.7 milyon tona çatıb, bu həcmin 80%-dən çoxu beynəlxalq və tranzit daşımaların payına düşüb.

ADB, həmçinin Azərbaycanın 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) sədrliyini dəstəkləyir və tədbirin keçirilməsi üçün ölkənin potensialının artırılmasına kömək edir.

Azərbaycan 1999-cu ildə ADB-ə qoşulub və bank bu müddət ərzində ölkədə nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələrində suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.

1966-cı ildə yaranmış ADB-nin 68 üzvü var, bunlardan 49-u Asiya və Sakit Okean regionundan olan ölkələrdir.