Azərbaycanda bank sahəsində ciddi inkişaf potensialı mövcuddur.
Fins.az xəbər verir ki, bu barədə Barings-in icraçı direktoru Lemer Salah "Chain Reaction 2024" forumunda "Web 3 və onun sabit gəlir bazarına təsiri" təqdimatında bildirib.
L.Salahın sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı hazırda kifayət qədər sabit göstəricilər nümayiş etdirir. Bu, ölkəyə dövlət və bank sektorunun maliyyə balansında güclü mövqelərdən effektiv istifadə edərək daha çox birbaşa xarici sərmayə (FDI) cəlb etməyə imkan tanıyır.
O, Azərbaycana Asiyada, Latın Amerikasında və Yaxın Şərqdəki inkişaf etməkdə olan bazarlarla müqayisədə bank sahəsində ciddi inkişaf potensialının olduğunu qeyd edib. Güclü iqtisadiyyat, sabit gəlirlər və mərkəzləşdirilmiş idarəetmə daha da inkişaf üçün mükəmməl şərait yaradır.
Salah, istiqrazların buraxılması yolu ilə daha çox FDI cəlb etməyin bank sektorunun möhkəmlənməsinə və inkişafına töhfə verəcəyini bildirib. Eyni zamanda, ölkənin blockchain və digər müasir texnologiyalara keçid etməsi, Azərbaycanın yeni kapital bazarını yaratmasına və iqtisadi inkişafını sürətləndirməsinə imkan yaradacaq.
Azərbaycanın kredit reytinqi BB+ səviyyəsində qiymətləndirilir və bu, onu yüksək gəlirli istiqrazların emitenti edir. Bu reytinq, Türkiyə, Latın Amerika və Asiyanın əksər ölkələrindən daha yüksəkdir və ölkənin iqtisadiyyatını diversifikasiya etmək və neft-qaz gəlirlərindən asılılığı azaltmaq üçün əlverişli şərait yaradır.
Fuad Mədətov
Fins.az