Son dövrlərdə bank kartlarına qarşı kiberhücumların sayı artmışdır. Kibertəhlükəsizlik üzrə mütəxəssis Abdulla Abdullayev BiG.AZ-a verdiyi müsahibəsində bildirib ki, kibercinayətkarlığa qarşı mübarizə bankların və vətəndaşların ortaq məsuliyyətidir. Bu sahədə effektiv müdafiə, tərəflərin birgə əməkdaşlığı ilə mümkündür.
Rəqəmsal mühit artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Kompüterlərin masalardan cib telefonlarımıza keçməsi bütün sahələrdə ciddi dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər, ənənəvi bankçılığın onlayn bankçılığa doğru inkişaf etməsinə gətirib çıxarıb. Vətəndaşlar bank kartlarından istifadə edərək restoranlarda, marketlərdə və onlayn ticarət platformalarında ödəniş etməyə başlamışlar. Bu tendensiya, təbii ki, kiber cinayətkarların diqqətindən qaçmamışdır.
Kiber cinayətlərə qarşı təhlükəsizlik tədbirləri:
-
Kart məlumatlarını paylaşmayın: Kartınızın CVV, PIN kodu və digər təhlükəsizlik məlumatlarını heç kəslə paylaşmayın və kartınızı başqalarına verməyin. Bu məlumatların qorunması kartınızın təhlükəsizliyi üçün əsas şərtdir.
-
Kartınıza limit tətbiq edin: Kartınıza istifadə etməyə uyğun limitlər tətbiq edərək, gündəlik çəkilə biləcək məbləği və onlayn ödənişlərdə istifadə edilə biləcək məbləği məhdudlaşdırın. Bu tədbir kartınızı böyük məbləğdə oğurluqdan qorumağa kömək edəcək.
-
Çoxfaktotlu autentifikasiyanı aktiv edin: Kartınızda ikili autentifikasiyanı aktiv edin. Ödəniş edildikdə telefonunuza SMS vasitəsilə təsdiq kodu gələcəkdir. Bu kodu heç kimlə paylaşmayın və təhlükəsizliyinizə diqqət edin.
-
Apple Pay və ya Android Pay istifadəsi: Bankınız bu funksionallığı dəstəkləyirsə, kartınız üçün bunu aktivləşdirin. Apple Pay və ya Android Pay istifadə edərək ödəniş etdikdə kart məlumatlarınız daha təhlükəsiz olur.
-
Virtual kartlardan istifadə: Bankınız virtual kart yaratmaq xüsusiyyətini təklif edirsə, ondan istifadə edin. Onlayn ticarət zamanı əsas kart məlumatlarını paylaşmaq əvəzinə, virtual kartınızı istifadə edərək əsas kartınızı qoruyun.
-
Əlavə debet kartlardan istifadə: Virtual kart yoxdursa, onlayn ticarət üçün xüsusi ayırdığınız əlavə debet kartından istifadə edin. Ödəniş edərkən həmin karta lazımi məbləği yatırın. Bu əlavə kart əsas kartınızı qorumaq üçün yaxşı bir seçimdir.
-
Şübhəli saytlardan çəkinin: Şübhəli görünən və etibarlı olmayan saytlarda ödəniş etməyin. Bu saytlardan çəkinərək özünüzü kiber hücumlardan qoruyun.
Son olaraq: karta nəzarət edin: Bank hesabınızdakı tranzaksiyaları müntəzəm olaraq yoxlayın. Hər hansı şübhəli fəaliyyət aşkar etdiyinizdə dərhal bankınızla əlaqə saxlayın və kartınızı bloklayın.
Bu tədbirlərin tətbiqi ilə bank kartlarınızın təhlükəsizliyini artırmaq və kiber cinayətlərdən qorunmaq mümkündür. Vətəndaşların diqqətli və ayıq-sayıq olmaları kibercinayətkarlığa qarşı mübarizədə vacib rol oynayır.