Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadilə məntəqələrinə qarşı tədbirlərini sərtləşdirərək, iki şirkətə qarşı yüksək məbləğdə cərimələr tətbiq edib.
Fins.az AMB tərəfindən verilən məlumata əsasən, xəbər verir ki, “Delta Capital” MMC-nin bir vəzifəli şəxsinə 2 886 manat məbləğində cərimə tətbiq olunub.
Cərimənin tətbiq olunma səbəbi olaraq, “Delta Capital” MMC-nin vəzifəli şəxsi “Valyuta tənzimi haqqında” Qanunun 16-1.1-ci maddəsinin və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4, 4.5, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması göstərilib. Bu pozuntular İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə əsasən cərimə ilə nəticələnib.
Bundan başqa, “Zuhur” MMC-nin bir vəzifəli şəxsinə isə 32 767 manat məbləğində cərimə tətbiq edilib. Bu cərimə, AMB-nin apardığı cari nəzarət prosesləri çərçivəsində “Valyuta tənzimi haqqında” Qanunun 16-1.1-ci maddəsinin və “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4, 3.6, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması nəticəsində verilmişdir. Bu pozuntular İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələri əsasında qiymətləndirilib.
AMB-nin bu addımları, valyuta mübadiləsi fəaliyyətində qanunvericiliyə riayət olunmasını təmin etmək və bazarda şəffaflığın artırılması məqsədini güdür. Bu qərarlar, eyni zamanda digər mübadilə məntəqələrinə də qanunvericiliyə ciddi şəkildə riayət etmə çağırışı kimi qiymətləndirilir.