Bu ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 61,7 % artaraq 690,9 milyon ABŞ dolları təşkil edib.
Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (359,1 milyon ABŞ dolları) idxalı (331,9 milyon ABŞ dolları) üstələməsi nəticəsində 27,2 milyon ABŞ dolları profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 31,7 % , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 39,2 % artıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 77,6 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Son 1 ildə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 56,8 % azalaraq 5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 3,8 % azalaraq 325,9 milyon ABŞ dolları olub.
Fuad Mədətov
Fins.az