BANK

11 İyun

Azərbaycanda kredit tarixçələrini əldə edən vətəndaşların sayı 100 mini keçib

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi ilə Elektron Xidmətlər Portalı üzərindən ödənişsiz şəkildə öz kredit tarixçələri barəsində məlumat əldə etmiş vətəndaşların sayı artıq 108 893 nəfəri keçib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bunun 35,5 %-i və ya 38 673-ü Bakı iqtisadi rayonunun, 7,9 %-i və ya 8 565-i Abşeron-Xızının, 6,8 %- və ya 7 431-i Lənkəran-Astara və 6,1 %-i və ya 6 623-ü Qarabağ İqtisadi rayonun ərazisinin payına düşüb.

Məlumata görə, vətəndaşlar tərəfindən əldə edilmiş kredit hesabatlarının sayı isə 300 mindən çox olub.

Vətəndaşlar real vaxt rejimində Elektron Xidmətlər Portalında müvafiq səhifəyə (//accr-portal.e-cbar.az) “digital.login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.

Xatırladaq ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. Reyestrdə ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumat toplanır.