BANK

21 May

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Hesabata əsasən, Azərbaycan bank sektorunun likvidliyi komfort zonada qalmaqda davam edir.

Bildirilib ki, yeni monetar çərçivənin tətbiqi, həmçinin bank sistemi üzrə hüquqi şəxslərin tələbli depozitlərinin azalması nəticəsində likvid aktivlərin həcmi və cəmi aktivlərdə payı azalıb. Bununla belə, likvidliyin tənzimlənməsi üzrə prudensial normativ hesab olunan ani likvidlik əmsalı 52 % olmaqla minimum normativi 22 faiz bəndi üstələyir. Likvidlik üzrə yeni prudensial tələb olan likvidliyin örtülmə əmsalı (LCR) göstəricisi isə 135 % olmaqla minimum tələbi üstələyib.

Hesabatda qeyd olunub ki, yeni monetar çərçivənin tətbiqi fonunda bank sektorunun izafi likvid vəsaitləri sterilizasiya edilib. Belə ki, yeni monetar çərçivənin tətbiqi fonunda 2023-cü il ərzində likvid aktivlər 24 % və ya 4,1 milyard manat azalaraq 13,2 milyard manata enib. Likvid aktivlərin cəmi aktivlərdə payı isə 10 faiz bəndi azalaraq 27 %-ə qədər azalıb. Likvid aktivlərin 36 %-i dövlət qiymətli kağızları, 38 %-i nostro hesablar, 11 %-i Mərkəzi Bankda müxbir hesablar, 14 %-i isə nağd vəsaitlərdə cəmlənib. Bank sistemi üzrə likvid aktivlər fiziki şəxslərin tələbli depozitlərini 2,3 dəfə üstələyir və hüquqi şəxslərin tələbli depozitlərinin 75 %-ni əhatə edib.

AMB-nin hesabatında bildirilib ki, likvid aktivlərin komponentləri üzrə əsas azalma bankların AMB-dəki hesabları üzrə olub. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankların AMB-dəki hesabları 4,1 milyard manat azalaraq 1,5 milyard manata çatıb. Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarına yenidən baxılması qeyd olunan dəyişikliyi şərtləndirib.

Hesabatda likvid vəsaitlərin strukturunda həm xarici, həm də milli valyutada olan likvid vəsaitlərin payının azalması müşahidə edilib.

Ötən il milli valyutada olan likvid vəsaitlər 15,2 % azalaraq 8 milyard manat olub. Sektorun xarici valyutada likvid aktivləri isə əvvəlki illə nisbətdə 31 % azalaraq 6,4 milyard manata enib.

Qeyd olunub ki, milli və xarici valyutada likvid vəsaitlərin azalmasında əsas səbəb yeni monetar çərçivə fonunda məcburi ehtiyatların artırılması olub. Bundan əlavə, xarici valyutada likvid vəsaitlərin azalmasında digər bir faktor hüquqi şəxslərin xarici borcları ödəmək məqsədilə xarici valyutada olan tələbli depozitlərini istifadə etməsi olub.

Fuad Mədətov
Fins.az