İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Azərbaycanda 2030-cu ilin sonuna kimi 650-dən çox şirkəti maliyyələşdirməyi planlaşdırır.
Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, mərkəz 650-dən çox şirkətin xərclərini minimuma endirəcək və mənfəətlərini optimallaşdıracaq texnologiyadan istifadə edə biləcəkləri rəqəmsal transformasiya prosesindən keçməkləri üçün maliyyələşməni planlaşdırır.
F. Cəfərov deyib ki, 2023-cü ilin sentyabr ayında 4SİM, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondu və “Coursera” şirkəti ilə birgə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədi ilə vətəndaşların rəqəmsal biliklərinin artırılmasını hədəfləyən “4Sİ Akademiyası” layihəsinə start verilib: “Eyni zamanda, layihənin məqsədi ölkədə qabaqcıl texnologiyalar və rəqəmsal sahədə bilik və bacarıqların artırılmasına, əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Layihənin I mərhələsində 10 000 Azərbaycan vətəndaşı üçün süni zəka, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, liderlik, kommunikasiya, ingilis dili və digər istiqamətlər üzrə 800 kurs və təlimdən ödənişsiz əsaslarla istifadə etmək imkanı yaradılıb”.