BANK

03 May

Azərbaycanda nağdsız ödənişlərin məbləği martda 60 % artıb

Bu ilin mart ayında Azərbaycanda nağsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 60 % artaraq - 5 milyard 697 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 4 milyard 737 milyon manatı elektron ticarətin payına düşüb.

Qalan məbləğin 952 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 61,7 %-ni təşkil edib.

Bu il aprelin 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 17 milyon 421 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,4 % çox, ilin əvvəlinə nisbətən 2,9 % çox, illik müqayisədə isə 22,3 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 22,8 % artaraq 15,143 milyona, kredit kartlarının sayı isə 18,9 % artaraq 2,278 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 8,906 milyard manat (illik müqayisədə 36 % çox) və 645 milyon manat (41,4 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 2,7 %, POS-terminalların sayı isə 13,7 % artaraq müvafiq olaraq 3 152 ədəd (Bakı üzrə 1 639 ədəd) və 91 755 ədəd (Bakı üzrə 59 638 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Fuad Mədətov
Fins.az