BANK

02 May

ABA-nın təşkilatçılığı ilə “Marketinq və PR Ekspert Qrup”u üzvləri Türkiyəyə səfər edib

24-26 aprel 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Türkiyə Banklar Birliyinin (TBB) birgə təşkilatçılığı ilə ABA-nın “Marketinq və PR Ekspert Qrupu”nun üzvlərinin qardaş Türkiyə Respublikasına rəsmi səfəri baş tutub.

Fins.az xəbər verir ki, 3 günlük səfər çərçivəsində Türkiyə Respublikasının “Yapı Kredi Bankası”, “Ziraat Bankası”, “Halk Bankası”, “Garanti Bank BBVA”, “Mastercard”ın Türkiyə nümayəndəliyi və “Haber Global” TV-də olan ekspertlər ilə faydalı görüşlər keçirilmişdir. Görüşlərdə ictimaiyyətlə əlaqələr, rəqəmsal həllər, reklam kampaniyalarının təşkili və onların effektivliyinin hesablanması, sosial layihələr, müştəri münasibətlərinin idarə edilməsi, araşdırma və analiz, SME sektoru üçün marketinq aktivliyi və digər mövzular ətrafında müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.