BANK

24 Aprel

PMI məlumatlarından sonra ECB-dən gözləntilər

Çərşənbə axşamı Avrozonada açıqlanan PMI məlumatları iqtisadiyyatın gücünə işarə etsə də, Avropa Mərkəzi Bankının (AMB) iyun toplantısında faiz dərəcələrini endirdikdən sonra bir müddət gözləmə mövqeyinə çəkiləcəyinə dair ehtimalları artıb.

Fins.az xəbər verir ki, aprel ayı üçün Avrozonada Kompozit PMI indeksi mart ayında elan edilən 50.3 bənd səviyyəsindən 50.7 bəndlik proqnozları da üstələyərək 51.4 bəndədək artıb.

Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi də 52.9 bəndlik nəticə ilə həm əvvəlki ayı, həm də proqnozları üstələyib. Avrozonada Kompozit PMI məlumatları region iqtisadiyyatında canlanmanın sürət qazandığını və inflyasiyanın yüksək olaraq qaldığını əks etdirir.

Mövzu ilə bağlı qiymətləndirmə aparan analitiklər bu vəziyyətin iyun ayında ilk faiz endirimindən sonra iyulda fasilə vermək istəyən ECB-dəki sərt monetar siyasət tərəfdarlarının arqumentlərini gücləndirəcəyini düşünürlər. Analitiklər həmçinin, iqtisadiyyatdakı canlanmanın ECB-nin ehtiyatlı davranmasına imkan yaradacağını proqnozlaşdırsa da, ECB-nin iyun ayında faiz dərəcələrini 25 baza bəndi, iyulda fasilədən sonra isə sentyabr, oktyabr və dekabr aylarlında da eyni miqyasda azaldacağını iddia edirlər.