Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəri bu gün Vaşınqtonda keçirilən Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (IMF) yaz toplantılarına qatılacaq.
Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a işgüzar səfərə gedib. Azərbaycanın nümayəndə heyəti yaz toplantıları çərçivəsində bir sıra tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak edəcək.
Qeyd edək ki, yaz toplantıları aprelin 15-də öz işinə başlayıb. Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər aprelin 17-19-u, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.
İMF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada iki beynəlxalq qurumun fəaliyyəti müzakirə olunacaq.
İclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlament nümayəndələri, özəl sektor və vətəndaş cəmiyyətlərinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.
Fuad Mədətov
Fins.az