Aprelin 3-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov ilə görüşüb.
Fins.az xəbər verir ki, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri üzrə məsləhətləşmələr aparılıb, ölkədə iqtisadi inkişafın davamlılığına və hökumətin prioritetlərinə əsaslanan layihələr üzrə gələcək kreditləşdirmə proqramları nəzərdən keçirilib.
S.Şərifov bildirib ki, fevral ayında keçirilən prezident seçkilərində inamlı və parlaq qələbə qazanan İlham Əliyev hökuməti yenidən formalaşdırıb və ölkəmiz üçün yeni dövrün başlandığını elan edib, eyni zamanda hökumət qarşısında yeni hədəflər müəyyənləşdirib. Bu hədəflər sırasında yaşıl enerji mənbələrindən istifadənin genişləndirilməsi milli enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edilib:
“Hesab edirik ki, COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir”.
Nazir eyni zamanda, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində görülən işlər, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək sürətli bərpa və yenidənqurma işləri barədə geniş məlumat verib, hökumətin nəqliyyat, dəmiryolu və bərpaolunan enerji infrastrukturu layihələrində AİB ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb və aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə müzakirələrin aparılmasını məqsədəuyğun hesab edib.
Bu il Azərbaycan hökumətinin AİB ilə əməkdaşlığının 25 ilinin tamam olduğunu qeyd edən S.Şərifov bu müvəffəqiyyətli tərəfdaşlıq illərində Azərbaycanın Bankdan bütün inkişaf istiqamətlərində strateji dəstək aldığını bildirib.
Öz növbəsində Yevgeni Jukov yenidən formalaşdırılmış hökumətə fəaliyyətində uğurlar arzulayıb və AİB-nin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, həmçinin hökumətin prioritetlərinə uyğun olaraq yeni layihələrin icrasına maliyyə və texniki dəstəyin göstərilməsində maraqlı olduqlarını deyib. O qeyd edib ki, hazırda AİB-nin Azərbaycan ilə növbəti 3 illik ölkə tərəfdaşlıq strategiyasının üzərində çalışırlar.
Azərbaycanı cari ilin noyabr ayında COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşməsini yüksək qiymətləndirən AİB rəsmisi bunun ölkəmizdə yaşıl enerji sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu bildirib və bu mötəbər tədbirin uğurla baş tutması üçün lazımi texniki və təşkilati dəstəyin göstərilməsinə hazır olduqlarını ifadə edib.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
Fuad Mədətov
Fins.az