1 aprel 2024-cü ildən Mərkəzi Bankın rəsmi internet səhifəsinin müvafiq bölməsində #AZIR (Azerbaijan Interbank Rate) indekslərinin yeni formatda yayımlanmasına başlanılıb.
Fins.az xəbər verir ki, müvafiq bölmədə 1D AZIR indeksinin müqayisəli təhlil üçün dinamikası, onun ötən ayın və ilin sonundan bəri dəyişimi, eləcə də son 1 ildə maksimal və minimal həcm və faiz göstəriciləri kimi analitik məlumatlar gündəlik əsasda yer alıb.
Məhz 1D AZIR indeksinin təqdim olunması təminatsız pul bazarında 1-3 gün müddətinə aparılan əməliyyatların mütləq üstünlük təşkil etməsindən irəli gəlir. Bütün müddətlər üzrə AZIR indeksləri, onların əsaslandığı əməliyyatların həcmi və sayının gündəlik yayımlanması da davam etdiriləcəkdir.
AZIR indekslərinin hesablanmasına dair metodoloji izah da müvafiq bölmədə yerləşdirilib.
Fuad Mədətov
Fins.az