15 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində (MDM) kapital bazarının iştirakçıları ilə növbəti görüş keçirilib.
Fins.az xəbər verir ki, görüşdə MDM-in Müşahidə Şurasının sədri Elçin Əlizadə, Müşahidə Şurası sədrinin müavini Umeyra İbrahimova, MDM-in İdarə Heyəti və investisiya şirkətlərinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı açılış nitqi ilə çıxış edən Elçin Əlizadə tədbir iştirakçılarını salamlayaraq kapital bazarının inkişafı isqamətində nəzərdə tutulan tədbirlər barədə qısa məlumat verib və bu sahədə bazar iştirakçıları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra bir sıra statistik məlumatları, o cümlədən birja, birjadankənar əqdlər üzrə hesabatı və ilk dəfə olaraq iqtisadi zonalar üzrə investorlar barədə hesabatı əks etdirən qısa təqdimat investisiya şirkətlərinin nümayəndələrinin diqqətinə çatdırılıb.
Sonda kapital bazarının inkişafı məqsədi ilə təsdiq olunmuş strategiyalarda müəyyən edilmiş hədəflər müzakirə olunub və müvafiq mövzular ətrafında tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, bu cür görüşlərin mütəmadi keçirilməsi razılaşdırılıb.
Fuad Mədətov
Fins.az